Abituriyentlərə məsləhətlər

Ali və orta ixtisas təhsil müəssisələrinə imtahan vermək məsuliyyətli bir prosesdir. Abituriyentlər xüsusən qəbul imtahanına qədər diqqət etməli olduğu məqamlar var, əgər onlar aşağıda qeyd olunanlara riayət etsələr uğur qazanmaqları daha da asanlaşacaq.

Abituriyentlərə həm öz təcrübəmdə olan, həm də sonradan öyrənib tətbiq etdiyim və sonda nəticəsini gördüyüm öyrənmə metodlarını və bəzi məsləhətləri qeyd etmək istəyirəm: 

1. Səsli oxuyun, qeydlər aparın və öz-özünüzə mütləq öyrəndiklərinizi danışın. 

2. Öyrənmə vaxtlarınızı düzgün bölün, ən yaxşı bildiyiniz məlumatlarla bağlı arxayınlıq hissi olmasın, təkrara hər gün vaxt ayırın. (Məsələn: günün birinci yarısı yeni mövzular öyrənin, ikinci yarısı isə təkrarlayın.)

3. Hər fənnə xüsusi diqqət ayırın, ən zəif bildiyiniz mövzulardan qaçmayın, çünki imtahanda mütləq rastlaşacaqsınız.

4. Yüksək bal yığmaq hədəfiniz olsun, lakin öyrəndiyiniz şeyin sizə bal qazandırmaqdan əlavə həmişə yadınızda qalmasına və gələcəkdə istifadəyə yararlı olmasına səy göstərin. 

5. Sınaq imtahanlarında mütləq iştirak edin (onlayn və ya real) bu sizin boşluqlarınızı görməyə kömək edəcək. Səhvlərinizi mütləq qeyd edin. 

6. Öyrənmə periodunda mütləq paylaşımlar edin :) Kimləsə öyrəndiyiniz maraqlı detalları paylaşın. Əmin olun, bu halda öyrəndikləriniz ikiqat yaddaşınızda qalacaq. 

7. Özünüzə fokuslanın. Və nəticənizin birinci özünüzü xoşbəxt etməli olduğunu düşünün. Aşağıda qeyd edəcəyim cümlələri eşidəndə ən favorit mahnını beyninizdə səsləndirin: səndən yüksək bal gözləyirik, çalış bizim başımızı uca elə, məktəbin birincisi və nəslimizin ulduzu olmalısan, Filankəsdən mütləq çox yığ və s.

8. Hava alın, vaxt aparan app-lərdən istifadə etməyin, yuxu rejiminiz normal olsun və hər şeydən öncə yaxşı hiss edin!

Qeyd olunanları tətbiq etmək heç vaxt gec deyil, təcrübəyə əsaslanıb deyə bilərəm ki, qəbul imtahanıma 2 ay qalmış bu metodları tətbiq edərək, DİM-in sınaq imtahanında topladığım ballar ilə qəbul imtahanında topladığım bal arasında 250 bala qədər fərq var idi :)

Bu qeydlərin davamı mütləq olacaq, xüsusən imtahana daha yaxın periodda nələr etməli olduğunuzu və ixtisas seçimi ilə bağlı məsləhətləri növbəti məqalələrdə oxuya biləcəksiniz. 

Hər birinizə uğurlar! :) 


Comments

Popular posts from this blog

Böyüyəndə nə olaq?